Internetdə VB
Publikasiya dedikdə informasiyanın nizamlı şəkildə müəyyən auditoriyaya hər-hansı davamlı (ani olmayan) vasitələrin köməyi ilə çatdırılması başa düşülür. Ən’ənəvi olaraq belə vasitə kimi çıxış edən kağız son minillikdə bu sahənin yeganə tamhüquqlu lideri olmuşdur. Lakin hər şeyin bir sonu olduğu kimi kağızın əsrlərlə davam edən şəksiz hökmranlığı da yeni elektron publikasiyaların meydana gəlməsi ilə sona çatdı.
Öz sələfinə nəzərən bir çox üstünlüklərə malik müxtəlif elektron publikasiya vasitələrindən yə’qin ki, heç biri imkanlarına görə sür’ətlə inkişaf edən WWW (World Wide Web - ingiliscə “ümumdünya toru”) ilə müqayisə oluna bilməz. 1993-cü il İntertendə meydana gəlmiş Web çox sadə və aydın istifadəçi interfeysi, yaxşı düşünülmüş verilənlərin təsviri dili, multimedia mə’lumatların istifadəçiyə çatdırılması üçün geniş imkanlara malikdir. Bundan əlavə böyük hcəmdə informasiyanın sür’ətlə ötürülməsinə şərait yaradan mübadilə protokolu, standartlaşdırılmış klient-server münasibətləri və ən əsası İnternetdən qlobal şəbəkə kimi istifadə edərək bütün dünyada geniş auditoriyaya müraciət etmək imkanı WWW-ni olduqca əlverişli publikasiya vasitəsinə çevirdi.
Bu üstünlükləri sayəsində sür’ətlə yayılaraq Web texnologiyaları publikasiya işində yeni bir dövrün başlanğıcını qoydu, yeni proqramlaşdırma dilləri, multimedia vasitələri, standart və formatlar meydana gəldi. İnformasiya texnologiyalarının bir çox sahəsinə WWW-nin nüfuz etməsi nəticəsində təbii olaraq müxtəlif sorğu sistemlərində zəruri mə’lumat mənbəyi kimi vacib rol oynayan verilənlər bazasının (Vb) Web-də publikasiyası məsələsi ortaya çıxdı. Məsələnin həlli üçün yeni proqram vasitələrinin meydana gəlməsi ilə bu vaxta qədər bir-birindən asılı olmayaraq inkişaf etmiş Vb və WWW texnologiyalarının üstünlüklərini özündə birləşdirən WWW-də Vb publikasiyası sistemləri yarandı.
Təqdim olunan işdə belə sistemlərin meydana gəlməsi və inkişaf yolu, əsas anlayışları və ümumi təsnifatı qısaca nəzərdən keçirilib. WWW-də Vb publikasiya sistemləri iki müxtəlif texnologiyanın qovuşmasında yerləşdiyindən iş əsnasında həm ODBC və SQL-proqramlaşdırma kimi Vb ilə bağlı məsələlər, həm də Web-lə əlaqəli HTML, JavaScript, VBScript dilləri, CGI, ISAPI interfeysi, IIS və ASP kimi müxtəlif proqram vasitələri yaxından öyrənilib. Xüsusilə ikinci bölümdə “Azərbaycan Qanunvericiliyi” hüquqi arayış sisteminin misalında praktik olaraq bu tip proqram layihələrinin işlənib hazırlanmasına baxılıb. Burada konkret olaraq qanunverici və normativ aktlardan ibarət Vb-nin İntranetdə publikasiyası realizə olunub. Qeyd etmək lazımdır ki, hazırlanmış proqram tə’minatı hal-hazırda sınaqlardan müvəffəqiyyətlə
keçərək “Biznesmenin Bülleteni” nəşriyyat evi tərəfindən abunələrə telefon xətləri vasitəsilə üç dildə (Azərbaycan, rus və ingilis) hüquqi informasiya almaq imkanı verən yeni kompüter sisteminin qurulması üçün istifadə olunur.